Rafiq Sabir oğlu Aslanov

1962-ci ildə Füzuli rayonunda anadan olub.

1984-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini (İnşaat Mühəndisləri İnstitutu) hidromeliorasiya ixtisası üzrə bitirib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil istiqaməti üzrə Dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnib. Azərbaycan Dövlət İqtisad Universitetində isə Maliyyə və kredit ixtisası üzrə magistr pilləsini başa vurub.

İlk əmək fəaliyyətinə 1984-cü ildə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində mühəndis olaraq başlanıb. 2006-cı ilə qədər meliorasiya və su təsərrüfatı sahəsində davamlı şəkildə uzun müddət peşəkar əmək fəaliyyəti ilə məşğul olub, şöbə müdiri, idarə rəisi kimi məsul vəzifələrdə çalışıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 iyul tarixli 190s nömrəli Sərəncamı ilə 2006-cı ildə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini vəzifəsində təyin edilib və 2024-cü ilə qədər həmin vəzifədə çalışıb. Həmçinin 28 aprel 2023-cü il tarixindən 25 iyun 2024-cü il tarixinədək "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri vəzifəsini icra edib.



Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 iyun tarixli 2853 nömrəli Sərəncamı ilə Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə “əməkdar mühəndis”  fəxri adı verilib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli Sərəncamı ilə su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 5 iyun tarixli Sərəncamı ilə su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

2024-cü ildən etibarən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi vəzifəsində işləyir. Dövlət qulluğunun müşaviridir.

Ailəlidir, 2 övladı var.