Azərbaycan Respublikası Prezidentinin 30 mart 2023-cü il tarixli, 2074 nömrəli Fərmanı ilə su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılmış, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilmişdir.
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Aparatı və regional bölmələri yaradılaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturuna daxil edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 iyul tarixli 163 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Əsasnaməsinin 1-ci bəndinə uyğun olaraq Xidmət, su obyektlərindən istifadə və onların mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərindən istifadə və onların mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə dövlət nəzarətini, su və su təsərrüfatı obyektlərinin monitorinqini həyata keçirən qurumdur.